ANA SƏHİFƏ

HAQQINDA

FOTO ALBOM

VİDEO

XATİRƏ KİTABI

ƏLAQƏ

 

Əliyev Hakim Sahib oğlu 15 aprel 1989-cu il tarixdə Naxçıvan MR Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.

Birinci sinfə 1994-cü ildə şəhid Elşad Əliyev adına 2 saylı Nehrəm kənd orta məktəbində başlayan Hakim Əliyev 2001-ci ilədək həmin məktəbdə təhsil almışdır.

2001-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçən Hakim Əliyev təhsilini Bakı şəhərində yerləşən Heydər Əliyev adına Müasir Təhsil Kompleksində davam etdirmişdir . Kompleksdə təhsil aldığı müddətdə özünü çalışqan və bacarıqlı şagird kimi göstərən Hakim qısa müddət ərzində öz sadəliyi və təvazökarlığı ilə hər kəsin hörmətini qazanmış, müəllimlərinin və sinif yoldaşlarının sevimlisinə çevrilmişdir.

Təhsil Kompleksində təhsil aldığı müddətdə tədrisdə əldə etdiyi uğurlarla yanaşı idmanla da məşğul olan Hakim məktəbin futbol, üzgüçülük və vaterbol ( su topu) komandalarının fəal üzvlərindən olmuş, nəinki öz bacarıqlı oyunu və istedadı, eyni zamanda kapitan kimi təşkilatçılığı ilə də məktəbin futbol və vaterbol komandalarının yarışlarda uğurlu nəticələr göstərməsində mühüm rol oynamış və medala layiq görülmüşdür.

2005-ci ildə orta məktəbi yüksək qiymətlərlə başa vuran Hakim Əliyev elə həmin il Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin MDB ölkələri üçün ayırdığı kvota çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Rusiya Federasiyası DİN-nin Sankt-Peterburq şəhərində yerləşən Polis Akademiyasına təhsil almağa göndərilmişdir.

14 avqust 2007-ci il tarixdə ailə həyatı quran Hakim Əliyev 07 dekabr 2007-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində avtomobil qəzasına düşərək faciəvi surətdə həlak olmuşdur.

Hakim Əliyevin vaxtsız vəfatı onu tanıyan, onun xoşxasiyyətinə, səmimiliyinə yaxından bələd olan hər kəsi dərindən sarsıtmış, hüdudsuz üzüntülərə qərq etmişdir.

Bu gün Hakim cismən bizim aramızda olmasa da , ruhən bizimlədir. O, öz mənalı təbəssümü, sakit və vüqarlı baxışı, mərdanə kişiliyi ilə onu sevənlərin qəlbində daim yaşayacaq, hər zaman xoş sözlərlə anılacaqdır.

Hakimin ən böyük arzusu ali təhsil alaraq vətəninə qayıtmaq, onun yetişdirən xalqına, dövlətinə sədaqətlə xidmət edərək öz övladlıq borcunu vermək idi.

İnşallah Hakim Əliyevin bu arzusunu üzünü görə bilmədiyi övladı davam etdirəcək, atasının adını öz əməllərində yaşadacaq, Hakimə layiqli övlad olacaqdır.

Atası-Əliyev Sahib Əbdürrəhman oğlu 10 fevral 1966-cı ildə Naxçıvan MR-nın Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.

Anası-Əliyev Aidə Novruzəli qızı 02 aprel 1968-cı ildə Naxçıvan MR-nın Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur.

Hakim Əliyevin özündən balaca iki qardaşı və bir bacısı vardır.

ALLAH RƏHMƏT ETSİN!